Gürcüstanın Marneuli şəhərində Gürcüstan Azərbaycanlıları Konqresində və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Borçalı" İctimai Birliyinin həyata keçirdiyi "Soydaşlarımız və Qarabağ" layihəsi çərçivəsində "Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)" adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid ailələri üzvləri, bölgənin azərbaycanlı ziyalıları, ictimai iştirak etmişlər. Tədbiri giriş sözü ilə GAK sədri Hüseyn Yusubov açaraq Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi köklərindən, xalqlarımızın dostluq münasibətlərindən bəhs edib. Dinindən və etnik kimliyindən asılı olmayaraq, ölkələrimizin azadlığı və istiqlaliyyəti uğrunda həlak olmuş qəhrəman şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
GAK sədri öz çıxışında "Dərdin böyüyü-kiçiyi yoxdur. Biz əsrlərlə bir sinədə iki ürək kimi döyünmüşük. Gürcüstan- Azərbaycan əməkdaşlığı bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edir. Hamımız mehriban qonşuluğa və dostluğa əsaslanan bu münasibətləri qorumalı, onu daha uca zirvələrə daşımalıyıq" – deyə vurğulayıb. Layihə rəhbəri və kitabın tərtibçisi, tanınmış şair-publisist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, "Borçalı İctimai Birliyi"nin sədri Dəyanət Osmanlı kitabda yer alan materialların məziyyətindən danışaraq bildirib: "Bu nəşr ölkələrimiz arasında əlaqələrə ictimai dəstək ifadə edir.
Gürcüstan əsilli soydaşlarımız Azərbaycanın istiqlal mübarizəsində, ərazi bütövlüyünün bərpasında qəhrəmanlıqlar göstərmişlər. Onların arasında onlarla şəhid və qazilər ,Milli Qəhrəmanlar, müxtəlif orden və medallarla təltif olunanlar vardır. Bütün şəhidlərin əziz xatirəsi unudulmaz və əbədidir." Şəhid ailələrinin doğmaları və yaxınları – şəhid anası Pürzə Budaqova, Hüseyn Faxralı, Oqtay Budaqov, gənc yazıçı Afaq Azər, professor Şurəddin Məmmədli, Əməkdar jurnalist Rəşid Faxralı, sabiq qubernator müavini Vaqif Mustafayev, şair Mahir İsayev, GAK-ın təmsilçisi Aslan Gorarxılı və digərləri Vətən uğrunda mübarizədə şücayət göstərmiş soydaşlarımızın daim diqqətdə saxlanılması, onları döyüş yolu haqqında yeni kitabların nəşr olumnası vacibliyindən, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində rolundan danışmışlar. Tədbir iştirakçıları layihəyə verdiyi dəyərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, təşkilati dəstəyə görə GAK sədri Hüseyn Yusubova təşəkkürlərini səsləndirmişlər. Təkilif olunub ki, növbəti layihələrdə Gürcüstan və Azərbaycan uğrunda şəhid-qəhrəmanlar bir arada olmaqla, yeni kitab nəşr olunması nəzərə alınsın, bu, xalqlarımızın münasibətlərinə yeni töhfə olardı. Sonda GAK sədri Hüseyn Yusubova "Borçalının Fəxri" , Qafqaz Türk Medianın əməkdaşı, AYB üzvü İbramxəlil Tamıyevə "Borçalının vətənpərvər aydını" diplomları təqdim olunub.