Şəhidlik ən müqəddəs, uca zirvədir. Oraya sahib olanlar Günəş kimi sönməz bir ömür yaşayırlar. Lerik rayonunun Çayrud kəndində dünyaya göz açan Elşən Məmmədağa oğlu Səfərova da ömrünün 24-cü ilindən şəhidlik zirvəsindən boylamaq səadəti nəsib olub. O, Birinci Qarabağ müharibəsində Vətəninin, torpağının müdafiəsində canını fəda edib. Onun bu şərəfli ölümü təkcə ailəsinə deyil, bütün Azərbaycan xalqına başucalığı gətirib.
Şəhidlik zirvəsindən gələcəyə boylanan, ürəklərdə özünə əzəmətli abidə ucaldan şəhid Elşən Səfərovun 56 yaşı tamam oldu. Bu münasibətlə şəhidin ailə üzvlərinin, eləcə də Çayrud İctimaiyyətinin təşkilatçılığı sayəsində tədbir baş tutdu.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının nümayəndəsi, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Lerik rayon şöbəsinin əməkdaşı və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Şəhidin yatdığı müqəddəs yer ziyarət olundu, ehtiram əlaməti olaraq məzarına təzə güllərdən çələng hörüldü.
Çıxışlar zamanı deyildi ki, torpaq şəhid qanı ilə Vətən olur. Bu şərəfə nail olanlar heç vaxt ölmürlər. Könüllərə köçməklə əbədilik qazanırlar, müqəddəs ruhları ürəkdən bağlandıqları Vətənin göylərində, ən uca zirvələrdə dolaşır, o cümlədən Çayrud elinin qəhrəman oğlu Elşən Səfərovun da. Fəqət, Elşən çox tez getdi aramızdan. Əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılan qısa ömrü torpağına, el-obasına sonsuz məhəbbət mücəssəməsinə döndü. İndi onun adı çəkilən də belə kiçik də, böyük də böyük qürur hissi keçirdir.
Məlumat üçün bildirim ki, Vətən qeyrəti, mərdlik ana südü ilə birgə qanını, canına keçən Elşən Səfərov Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Döyüşə girdiyi gündən hünər göstərib, yağıya qan qusdurub. 6 Yanvar 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən ölüm-dirim savaşında 9 yaralı hərbiçi yoldaşını döyüş meydanından çıxardır. 10-cu yaralı əsgəri çiyninə atan yerdə namərd dığaların gülləsinə tuş gələrək şəhadətə qovuşub. 10 yanvar 1994-cü ildə doğulduğu Çayrud kəndində torpağa tapşırılıb. Çayrud kənd tam orta məktəbi şəhidin adını daşıyır.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü