Avqustun 5-də Pakistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Cammu və Kəşmir məsələsinə dair “Yum-e-İstismar Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Tədbirdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın müraciətləri səsləndirilib.
Müraciətlərdə Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Kəşmir xalqının arzuları əsasında dinc və ədalətli yolla həllinin vacibliyi vurğulanıb, beynəlxalq ictimaiyyətə münaqişənin həllinə töhfə vermək çağırışı edilib.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxışında Kəşmir məsələsinin yalnız siyasi deyil, həm də humanitar problem olduğunu bildirib. O, Azərbaycanın beynəlxalq platformalarda Pakistanın Cammu və Kəşmir məsələsində mövqeyinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Tədbirin sonunda Cammu və Kəşmirdəki vəziyyəti əks etdirən fotosərgiyə baxış keçirilib.