Rusiyalı alimlər fərdiləşdirilmiş melanoma peyvəndinin ilk klinik sınaqlarında ümidverici nəticələr əldə etdiklərini açıqlayıblar. Fərdi melanoma peyvəndi alan ilk xəstənin sağlamlığının yaxşı olduğu və xəstəliyə qarşı lazımi immun reaksiyasının inkişaf etdiyi bildirilir.
Peyvəndin hazırlanmasında rol oynamış Qamaleya Tədqiqat İnstitutunun elmi direktoru Aleksandr Qinzburq bildirib ki, aprel ayında ilk dozanı alan 60 yaşlı üçüncü mərhələ melanoma xəstəsinin müalicəsi davam edir.
O, qeyd edib ki, testlər bədənin şişlər və metastazlarla mübarizə aparmaq üçün lazım olan aktiv birləşmələri istehsal etdiyini və immunoloji reaksiyanın son dərəcə müsbət olduğunu göstərib.
Ötən il Rusiya Səhiyyə Nazirliyi inkişaf etmiş melanoma üçün hazırlanmış "Neooncovac" adlı mRNA əsaslı peyvəndlə kolorektal xərçəngi hədəf alan "Oncopept"adlı peptid dərmanının istifadəsinə razılıq vermişdi.
Qamaleya İnstitutunun rəsmiləri fərdiləşdirilmiş melanoma peyvəndinin qarşıdakı dövrdə daha 10 xəstə üçün hazırlanacağını və istehsalın bir-üç ay ərzində tamamlanacağını açıqlayıblar.
Bu üsul xəstəliyi birbaşa müalicə etmək əvəzinə, immun sisteminə xərçəng hüceyrələrini tanımağı və məhv etməyi öyrətməyi hədəfləyir. Bu üsul xəstənin şişindən və sağlam toxumasından götürülmüş nümunələrin genetik quruluşunun təhlilini əhatə edir. Bu məlumatlara əsasən, xüsusi olaraq fərdi olaraq hazırlanmış bir peyvənd istehsal olunur.
Rusiya Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzinin rəhbəri Andrey Kaprin bildirib ki, bu texnologiya xərçəng müalicəsinə tamamilə fərqli bir yanaşma təklif edir.
Digər tərəfdən, Onkopept müalicəsi alan xəstələrdə də lazımi immun reaksiyasının inkişaf etdiyi qeyd edilir. Qamaleya İnstitutunun mədəaltı vəzi, böyrək və kiçik hüceyrəli olmayan ağciyər xərçənglərinin müalicəsi ilə bağlı tədqiqatlarını davam etdirdiyi bildirilir.
Tahir TAĞIYEV