Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Borçalı” İctimai Birliyi həyata keçirdiyi “Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində “Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitab çapdan çıxıb.
Layihə çərçivəsində hazırlanan iki hissədən ibarət, iri həcmli kitabın I hissəsində Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin keçmişinə, iki dövlət arasında münasibətlərin müasir vəziyyətinə dair məqalələr toplanıb. II hissədə isə soydaşlarımızın 1990-cı ildə ölkəmizin istiqlal mübarizəsində (20 yanvar 1990) , habelə I və II Qarabağ savaşlarında keçdiyi döyüş yolu barədə oçerklər yer alıb. Azərbaycan-Gürcüstan arasında tarixi dostluq əlaqələri, strateji tərəfdaşlıq məsələləri, xalqımızın müstəqillik mübarizəsində, torpaqlarımızın erməni işğalından azad olunmasında xidmət göstərən, şəhid olan Borçalı əsilli soydaşlarımızın həyat-döyüş yoluna nəzər salınıb. Nəşrin mövzu aktuallığı deməyə əsas verir ki, layihənin məqsəd və vəzifələri günümüz üçün vacib səciyyə daşıyır və qarşıya qoyulan məsələlər ətraflı şəkildə arşdırılıb. Kitabın tərtibçisi layihə rəhbəri Dəyanət Osmanlı, məsləhətçi və rəyçi akademik Nizami Cəfərov, redaktoru Əməkdar jurnalist Rəşid Faxralıdır.
“Borçalı” İctimai Birliyinin sədri Dəyanət Osmanlı bildirib ki, layihənin ideyası dövlətimizin Vətən müharibəsi şəkidlərinə böyük ehtiramından, şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi qayğıdan, habelə Cənubi Qafqazda nümunəvi əməkdaşlıq modeli olan Azərbaycan-Gürcüstan münasibətlərindən qaynaqlanır. Azərbaycanın Ermənistan üzərində tarixi Zəfər qazanmasında misilsiz xidmətlər göstərmiş soydaşlarımızın həyat-döyüş salnaməsi daim xatırlanmalı, araşdırılmalı və təbliğ olunmalıdır. Gənc nəsillər Vətən qəhrəmanlarından vətənpərvərlik, doğma torpağa sədəqət nümunəsi götürməlidir. Fikrimizcə, kitab mövzu dairəsi, materialların zənginliyi ilə seçilir və yeni dövrün çağırışlarına cavab verən səviyyədə hazırlanıb. Ümidvarıq ki, baza tipli bu kitabda gedən materiallar uyğunprofilli mütəxəsisslər və oxucular üçün xüsusilə maraq doğuracaq. Kitabın təqdimat mərasimi yaxın günlərdə Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə keçirilməsi nəzərdə tutulub.