Türkiyənin Muğla və Antalya bölgələrində güclü meşə yanğınları ilə mübarizə davam edir. “Haber7” portalının məlumatına görə, Muğlanın Seydikemer rayonunun Bayır məhəlləsində səhər saatlarında kənd təsərrüfatı sahəsində başlayan yanğın güclü küləyin təsiri ilə meşəlik əraziyə keçib.
Ərazidə müşahidə olunan şiddətli külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə barədə məlumat daxil olduqdan sonra bölgəyə Meşə Təsərrüfatı Baş İdarəsinin qüvvə və vasitələri cəlb edilib.
Küləyin təsiri ilə sürətlə yayılan alovun söndürülməsi üçün havadan və qurudan müdaxilə davam etdirilir.
Yanğının nəzarət altına alınması məqsədilə başlanılan işlər davam edir.
Antalyanın Kumluca rayonunda meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Məlumat daxil olduqdan sonra hadisə yerinə Meşə Regional İdarəsinin qüvvə və vasitələri göndərilib.
Yanğının havadan və qurudan aparılan əməliyyatlarla nəzarət altına alınmasına çalışılır. Kumluca rayonunun inzibati rəhbəri Bahadır Günəş "Anadolu" agentliyinə bildirib ki, yanğına helikopterlər və çoxsaylı yanğınsöndürən texnikalarla müdaxilə olunur. Onun sözlərinə görə, bölgədə güclü külək hökm sürür.
"Güclü külək səbəbindən yanğının daha geniş əraziyə yayılması təhlükəsi var. Təhlükəsizlik məqsədilə Yazır məhəlləsindəki evlər təxliyə edilir. Bölgədə yanğının söndürülməsi istiqamətində işlər davam edir", - deyə Bahadır Günəş bildirib.