İyulun 28-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 77, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 6,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 991 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər də saxlanılıb.
ZÜMRÜD