Ermənilər özlərinin indiki Ermənistanın yerli sakinləri olduğunu “sübut etmək” üçün saxtakarlıq qalmır ki, etməsinlər. Erməni arxeoloqlar son dövrlər saxtalaşdırma işinə elə qapılıblar ki, yalanlarına bütün dünyanın güldüyünü görməz olublar. Əsl elm saxtakarlığı qəbul etmir, amma bunlar elmi də saxtalaşdırırlar. Bütün saxtakarlıqlara əl atmaqdan bezməyib indi də uydururlar ki, guya əcdadları Ermənistan yaylasında qədim alətlər düzəldirlərmiş və o da guya “Ararat-1” mağarasında aşkarlanıb.
Erməni mətbuatı iddia edir ki, Ermənistan dağlarından tapılan daş alətlər guya 50.000 il əvvəl orada insan həyatının təfərrüatlarını ortaya qoyur.
“Erməni arxeoloqlar insanların 33.000–52.000 il əvvəl alətləri necə təmir etdiyini və uzun məsafəli səyahətlər planlaşdırdığını aşkar ediblər”-deyə yazır erməni mətbuatı.
“Ararat-1” mağarasından tapılan daş alətlərdən danışan media yazır ki, on minlərlə il əvvəl Ermənistan dağlıqlarında yaşamış qədim insanların marşrutlarının yenidən qurulmasına kömək edib.
İddia edirlər ki, onlar özləri ilə qiymətli obsidian alətlər (qara vulkanik şüşədən düzəldilmiş iti bıçaqlar, ox ucları və sümük kəsənlərdir.-İ.S ) gətiriblər, dayanacaqlar zamanı onları təmir ediblər və gündəlik işlər üçün yerli çaxmaq daşından istifadə ediblər. Tədqiqatçılar mağaranın daimi yaşayış məskəni olmadığını düşünürlər. Çox güman ki, bu, müvəqqəti istirahət yeri və gələcək səyahətlərə hazırlıq kimi xidmət edib. Bu “tapıntı”nın Quaternary Science Reviews jurnalında dərc edildiyini yazırlar.
Maraqlıdır ki, 50 min il əvvəl onların qeyd etdiyi ərazidə erməni-hay deyilən toplumun yaşadığı barədə heç bir tarixi fakt, məlumat yoxdur. Ümumiyyətlə, 50 min il əvvəlki tarixi götürüb onu saxtalaşdırmaqla ermənilərin Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində yaşadıqlarını sübut etmək mümkünsüzdür. Buna cəhd isə tarixi saxtalaşdırmaq, başqa xalqların tarixini mənimsəməkdir. 50 min il əvvəl indiki Ermənistan ərazisində ermən-hay tayfasının məskunlaşmadığı məlumdur. O ərazilərdə qədim türklərin yaşadığı gün kimi aydındır. Erməni arxeoloqlarının aşkar edib təqdim etdikləri tapıntıların isə erməni həyatı, ənənəsi ilə heç bir əlaqəsi yoxdur. O daş alətlərin ermənilərin əcdadları tərəfindən düzəldilməsi də absurddur. Bu növbəti elmi saxtalaşdırmadı...
Yeri gəlmişkən, ermənilər təqim etdikləri alətlərin fotolarını ChatGPT vasitəsilə düzəldiblər.
İradə SARIYEVA