70 yaş insan ömrünün müdriklik çağıdır. 70 yaşın zirvəsindən aşağıya boylananda gözünün qarşısında bir-birini əvəz edən gözəl illər keçir, unudulmaz xatirələr yada düşür. Uşaqlıq dostum, sinif yoldaşım Fazil Şükürov ömrünün 70 zirvəsinə gəlib çatıb. Bu sadəcə bir insanın doğum gününü deyil, mənalı, şərəfli və zəngin bir ömrün - 70 illik yubiley azmanlığının təntənəsidir.
Fazil Şükürov 1956-cı ildə Qarabağımızın gözəl guşələrindən biri olan Füzuli rayonunun Kürtlər kəndində dünyaya göz açıb. İllər keçsə də, zaman insanı haralara aparsa da, uşaqlıq və gənclik illərinin saf xatirələri heç vaxt unudulmur.
Bizim Fazillə yolumuz Əbdürrəhmanlı kənd orta məktəbinin 9-cu və 10-cu siniflərində kəsişib. O illər ömrümüzün ən kövrək, ən saf dövrü idi. İndi gözlərimi yumanda o günləri dünənki kimi xatırlayıram: Kürtlər və Əbdürrəhmanlı kəndlərinin arasında mavi dəniz kimi ləpələnən, dalğalanan taxıl zəmilərinin arası ilə uzanan o cığırı... Biz o cığırla çiyin-çiyinə, gələcəyə böyük ümidlərlə, arzularla addımlayaraq məktəbə gedərdik. O zəmilərin pıçıldadığı xatirələr, o dostluğun istisi bu gün də qəlbimizdə yaşayır.
Orta məktəbi bitirdikdən sonra həyatın öz axarı oldu, yollarımız ayrıldı, hərəmiz bir tərəfə üz tutduq, öz peşə və həyat yolumuzu seçdik. Lakin məktəb illərində təməli qoyulan o səmimi dostluq, o saf xatirələr illərin və məsafələrin sınağından keçərək bu günə qədər uca və təmiz qaldı.
Əziz Fazil!
70 yaş-ömrün müdriklik zirvəsidir. Bu zirvədən arxaya baxanda geridə qoyduğun şərəfli illəri, böyütdüyün gözəl ailəni, qazandığın dostları və sənə hörmət edən insanları görmək böyük bir xoşbəxtlikdir.
Səni bu mübarək 70 illik yubileyin münasibətilə ömrümüzün o unudulmaz sinif yoldaşlığı və dostluq xatirələri adına səni, səmimi qəlblə təbrik edirəm!
Sənə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənlə, əzizlərinlə birgə gözəl və şad günlər arzulayıram. Arzulamıram ki, zamanı geri qaytaraq, amma arzulayıram ki, o zəmilər arası cığırda addımladığımız günlərin uşaqlıq təravəti və dostluq istisi qəlbindən heç vaxt əskik olmasın!
Yubileyin mübarək olsun, gözəl insan!
Memar
Rizvan QARABAĞLI