Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsi çərçivəsində son onuncu təlim keçirilib. Üç ay müddətində həyata keçirilən layihənin əsas məqsədi valideyn himayəsindən məhrum qalmış yeniyetmələrin rəqəmsal savadlılığını artırmaq, onların kompüter biliklərini inkişaf etdirmək və müasir informasiya texnologiyalarından səmərəli istifadə bacarıqlarını formalaşdırmaqdır.
Layihənin onuncu dərsi “Öyrənilən proqramların təkrarı” mövzusuna həsr olunub. Təlimin məqsədi əvvəlki dərslərdə əldə olunan nəzəri və praktiki bilikləri möhkəmləndirmək, iştirakçıların proqramlardan sərbəst istifadə bacarıqlarını qiymətləndirmək və onların qarşılaşdıqları sualları ətraflı şəkildə cavablandırmaq olub.
Təlim zamanı yeniyetmələr layihə çərçivəsində öyrəndikləri əsas proqram və mövzular üzrə biliklərini yenidən nəzərdən keçiriblər. Dərsdə Microsoft Word proqramında sənədlərin hazırlanması, mətnlərin redaktəsi və formatlaşdırılması, Microsoft PowerPoint proqramında təqdimatların yaradılması, elektron poçtdan istifadə qaydaları, internetdə düzgün məlumat axtarışı, kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması, eləcə də Paint və Canva proqramlarında yaradıcı dizaynların hazırlanması mövzuları praktiki tapşırıqlar vasitəsilə təkrar olunub.
Dərs zamanı iştirakçılar müxtəlif tapşırıqları müstəqil yerinə yetirərək əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər. Təlimçi müəllim hər bir iştirakçının işini fərdi şəkildə qiymətləndirib, mövzular üzrə əlavə izahlar verib və gələcəkdə bu proqramlardan daha səmərəli istifadə etmələri üçün tövsiyələrini bölüşüb. Təkrar dərsi yeniyetmələrin biliklərini sistemləşdirməsinə və öyrəndiklərini daha inamla tətbiq etməsinə imkan yaradıb.
Üç ay davam edən layihə çərçivəsində Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin yeniyetmələri üçün "Qızıl Əllər" Tədris Mərkəzində həftədə üç dəfə nəzəri və praktiki təlimlər təşkil olunub. Layihənin rəhbəri Lamiyə İsazadə, təlimçisi isə Sona Hüseynli idi. Sonuncu dərs günündə layihədə fəal iştirak edən uşaqlar təlim proqramını uğurla başa vurduqlarına görə sertifikatlarla təltif olunublar. Sertifikatların təqdim olunması yeniyetmələr üçün yaddaqalan anlarla müşayiət olunub və layihənin uğurla başa çatmasının rəmzi olub. Qeyd edək ki, üç aylıq layihə iyulun 31-i tarixində yekunlaşacaq.