Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş" layihəsi çərçivəsində növbəti təlim keçirilib. Layihənin məqsədi valideyn himayəsindən məhrum qalmış yeniyetmələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onların müasir texnologiyalardan səmərəli istifadə vərdişlərini formalaşdırmaq və yaradıcılıq potensialının üzə çıxarılmasına dəstək verməkdir.
Layihənin doqquzuncu dərsi "Yaradıcılıq dərsi (Paint və Canva proqramları ilə iş)" mövzusuna həsr olunub. Təlimin əsas məqsədi iştirakçıları rəqəmsal dizayn və qrafik tərtibatın əsasları ilə tanış etmək, onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və müxtəlif vizual materialların hazırlanması üzrə praktiki vərdişlər qazandırmaq olub.
Təlim zamanı yeniyetmələr əvvəlcə Microsoft Paint proqramının imkanları ilə tanış olublar. Onlara proqram vasitəsilə sadə şəkillərin çəkilməsi, müxtəlif rənglərdən istifadə, fiqurların yaradılması, mətn əlavə edilməsi və hazırlanmış işlərin yaddaşa verilməsi qaydaları izah edilib. Daha sonra iştirakçılar Canva platformasının əsas funksiyaları barədə məlumat əldə ediblər. Təlimçi müəllim onlara hazır dizayn şablonlarından istifadə, şəkillərin və qrafik elementlərin əlavə olunması, mətnlərin tərtibatı, rəng seçimi və vizual kompozisiyanın qurulması prinsiplərini praktik nümunələr əsasında nümayiş etdirib.
Dərs zamanı iştirakçılar Paint proqramında müxtəlif rəsmlər hazırlayıb, Canva platformasında isə təbrik kartları, afişalar və sadə təqdimat dizaynları üzərində işləyiblər. Hər bir yeniyetmə öz yaradıcılıq ideyalarını rəqəmsal mühitdə ifadə etmək imkanı qazanıb. Təlimçi onların hazırladıqları işləri qiymətləndirərək dizaynın estetik görünüşü, rəng uyğunluğu və məlumatın vizual təqdimatı ilə bağlı tövsiyələr verib. Layihə çərçivəsində həftədə üç dəfə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki yeniyetmələr üçün "Qızıl Əllər" Tədris Mərkəzində kompüter üzrə nəzəri və praktiki təlimlər davam etdirilir. Layihənin rəhbəri Lamiyə İsazadə, təlimçisi isə Sona Hüseynlidir.