Füzuli rayonun Şükürbəyli kəndi Füzuli şəhərinin işğalından 5 gün sonra 1993-cü il avqustun 28-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə Azərbaycan ordusunun hücum əməliyyatı ilə Füzulinin işğaldan azad edilən yaşayış məntəqələrindən biri Şükürbəyli olub. 32 il əvvəl Ordumuzun şücaəti və rəşadəti nəticəsində işğaldan azad edilən Şükürbəyli kəndi Işğalda olduğu 4 ay müddətində talan edilib, evlər söklüb, inzibati binalar ciddi zərər görüb. Amma Füzuli rayonunda "Bərpa və Vətənə Qayıdış Proqramı" çərçivəsində 1999–2001-ci illərdə rayonun bu kəndində dağılmış evlərin əksəriyyəti bərpa edilsə də, hələ də 30-a yaxın ev bərpa olunacağı günü gözləyir. Onu da qeyd edək ki, bərpa olunmuş evlərdə keçmiş köçkün ailələri artıq illərdir yaşayır, gün-güzəranları ilə məşğul olur. Onlarla yanaşı digər sakinlər də var ki, onların da evlərinin bərpasına ehtiyac var. AMEA Memarlıq və İncəsənət insititunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlının Füzuli rayonunun Şükürbəyli kəndindəki şəxsi evi də bərpa olunacağı günü gözləyən evlərdəndir. Tanınmış memar redaksiyamıza evinin işğaldan əvvəl və işğaldan sonrakı görüntülərini təqim edib. Bu ev 30 ildən çoxdur ki, bərpaçı yolu gözləyir. Qeyd etdiyimiz kimi Şükürbəylidə 30 yaxın belə ev var ki, hələ də bərpa olunmayıb. Sakinlər deyirlər ki, bu gedişlə kim bilir hələ neçə il bərpaçı yolu gözləyəcəyik?... "Şəkildə gördüyünüz dağılmış ev mənim şəxsi evimdir. Evimi işğal dövründə ermənilər dağıdıb. Çox arzu edərdim ki, mənim evim də, digər bu kimi evlər də tezliklə bərpa olunsun. Yay aylarına kəndə gəlirəm və istəyirəm ki, öz evimdə yaşayım. Şükürbəlidə hardasa otuza yaxın belə evlər var ki, bərpa olunmayıb hələ də. Təxminən 90-cı illərin axırlarına yaxın kəndimizdəki digər evlər bərpa olundu. Səhv etmirəmsə, o evləri bir Norveç şirkəti bərpa etdi. Amma bizim evlər bərpa olunmadı. O vaxt o evləri bərpa etdilər ki, onların sahibləri orada yaşayırlar. Bizim evlər də bərpa olunmalıdır". Onu da deyək ki, Füzuli rayon icra hakimiyyəti, yerli bələdiyyə, eləcə də digər əlaqədar qurumlar problemdən xəbərsiz deyil. Bu gün Qarabağda geniş miqyaslı tikinti-quruculuq, bərpa işləri həyata keçirilir, dağılmış evlər bərpa edilir, yeniləri inşa olunur. İnsanların öz yurdlarına qayıdışı üçün dövlət tərəfindən bütün addımlar atılır. Ümid edirik ki, Şükürbəyli kəndindəki adı rəsmi siyahılarda olan 30-a yaxın fərdi yaşayış evi, o cümlədən də tanınmış memar Rizavan Qarabağlının şəxsi evi tezliklə bərpa ediləcək və onların ixtiyarına veriləcək. Əlaqədar qurumların memarın çağrışına biganə qalmayacaqlarına inanırıq.
İradə SARIYEVA