2026-cı ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda narkotiklə bağlı aşkarlanan cinayət faktları azalsa da, həm tutulanların sayının, həm də müsadirə edilən maddələrin həcminin artdığı bildirilir. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında qeyd edilir.
Qurum vurğulayır ki, hesabat dövründə bu sahədə ümumilikdə 4 min 434 cinayət faktı aşkarlanıb: “Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3 min 266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub”. Qurum əlavə edir ki, ümumilikdə 5 ton 497 kq 378,1 qram narkotik vasitələr və psixotrop maddələr dövriyyədən çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 848 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İşçi qrup bundan əvvəl isə bəyan etmişdi ki, ötən ilin ilk yarısında ümumilikdə 4 min 675 cinayət faktı aşkarlanıb. Aşkarlanmış faktlar üzrə dövriyyədən ümumilikdə 4 ton 290 kq 046,798 qram narkotik vasitə və psixotrop maddələr müsadirə edilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 838 nəfər cəlb edilib.Son illər Azərbaycanda narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olanların sayının artdığı da bildirilir. Onu da qeyd edək ki, narkotiklərin qanunsuz dövriyyəsi transmilli mütəşəkkil cinayətkarlığın, insan alverinin, terrorçuluğun maliyyələşdirilməsinin və korrupsiyanın əsas mənbələrindən biri hesab edilir. Narkobiznesdən əldə olunan milyardlarla dollar qanunsuz maliyyə axınlarını gücləndirir və dövlətlərin təhlükəsizliyinə ciddi təhdid yaradır. Azərbaycan da narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Hüquq-mühafizə orqanları tərəfindən narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar davam etdirilir, sərhəd təhlükəsizliyi gücləndirilir, eyni zamanda gənclər arasında profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir. Dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti bu sahədə mühüm nəticələrin əldə olunmasına xidmət edir. Ölkəmizdə son illərdə qanunvericilik sahəsində də bu istiqamətdə mühüm addımlar atılıb. Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, asılı şəxslərin müalicə və reabilitasiyası, habelə əhalinin məlumatlandırılması istiqamətində tədbirlər görülür. Bundan başqa, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edərək narkoloji xəstələrin müəyyən fəaliyyət sahələrində çalışmasına nəzarəti gücləndirib. Narkomaniya "sağalmaz dərd" kimi görünsə də, müasir tibb və psixologiya sübut edir ki, bu, müalicə oluna bilən xroniki bir xəstəlikdir.
Samirə SƏFƏROVA