Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsi çərçivəsində növbəti səkkizinci təlim keçirilib. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum qalmış yeniyetmələrin rəqəmsal savadlılığını artırmaq, informasiya texnologiyalarından təhlükəsiz və səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək, onların müasir rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklər barədə məlumatlılığını gücləndirməkdir.
Layihənin səkkizinci dərsi “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” mövzusuna həsr olunub. Təlimin məqsədi iştirakçılara internet məkanında təhlükəsiz davranış qaydalarını öyrətmək, şəxsi məlumatların qorunmasının əhəmiyyətini izah etmək və onları kiberhücumlar, onlayn dələduzluq halları və digər rəqəmsal təhlükələr barədə məlumatlandırmaq olub. Təlim zamanı yeniyetmələr kibertəhlükəsizlik anlayışı, internetdə rast gəlinən əsas təhlükələr və bu risklərdən qorunma yolları haqqında ətraflı məlumat əldə ediblər. Onlara güclü və etibarlı şifrələrin yaradılması, müxtəlif hesablar üçün fərqli şifrələrdən istifadə edilməsi, şəxsi məlumatların tanımadıqları şəxslərlə paylaşılmaması, sosial şəbəkələrdə məxfilik ayarlarının düzgün tənzimlənməsi və şübhəli keçidlərə daxil olmağın yarada biləcəyi təhlükələr izah olunub. Eyni zamanda, saxta internet səhifələri və zərərli proqram təminatının yaratdığı risklər barədə praktik nümunələr əsasında məlumat verilib. Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması üzrə biliklər müasir dövrdə hər bir gəncin rəqəmsal savadlılığının ayrılmaz hissəsidir. Bu istiqamətdə erkən yaşlardan maarifləndirmə işinin aparılması yeniyetmələrin internetdən daha təhlükəsiz istifadə etməsinə, kibercinayətlərin qurbanına çevrilmə riskinin azalmasına və rəqəmsal mühitdə öz hüquq və təhlükəsizliklərini qorumaq bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Layihə çərçivəsində həftədə üç dəfə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki yeniyetmələr üçün "Qızıl Əllər" Tədris Mərkəzində kompüter üzrə nəzəri və praktiki təlimlər davam etdirilir. Layihənin rəhbəri Lamiyə İsazadə, təlimçisi isə Sona Hüseynlidir.