Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsi çərçivəsində növbəti yeddinci təlim keçirilib. Layihənin məqsədi valideyn himayəsindən məhrum qalmış yeniyetmələrin rəqəmsal savadlılığını artırmaq, onların müasir informasiya texnologiyalarından istifadə bacarıqlarını inkişaf etdirmək və gələcək təhsil və peşə fəaliyyətinə hazırlıqlarını gücləndirməkdir.
Layihənin yeddinci dərsi “Microsoft PowerPoint” mövzusuna həsr olunub. Təlimin məqsədi uşaqlara təqdimat proqramının əsas funksiyalarını öyrətmək, vizual təqdimat hazırlamaq bacarıqlarını formalaşdırmaq və məlumatların daha aydın, sistemli və cəlbedici şəkildə təqdim olunmasının üsullarını mənimsətmək olub. Təlim zamanı yeniyetmələr Microsoft PowerPoint proqramının interfeysi, yeni təqdimatın yaradılması, slaydların əlavə edilməsi, müxtəlif dizayn və mövzulardan istifadə, mətn, şəkil və qrafik elementlərinin slaydlara yerləşdirilməsi ilə tanış olublar. Onlara təqdimatın strukturunun düzgün qurulması, məlumatın qısa və anlaşıqlı şəkildə ifadə edilməsi, rəng seçimləri və vizual elementlərdən səmərəli istifadə prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, slayd keçidləri, animasiya effektləri və təqdimatın nümayiş etdirilməsi qaydaları praktik nümunələrlə izah olunub. Praktiki məşğələ zamanı iştirakçılar müəllimin rəhbərliyi ilə müxtəlif mövzularda qısa təqdimatlar hazırlayıblar. Onlar slaydlar yaradaraq mətn və şəkillər əlavə edib, dizayn elementlərini tətbiq etməyi və təqdimatı nümayiş etdirməyi öyrəniblər. Təlimçi hər bir iştirakçı ilə fərdi şəkildə işləyərək onların hazırladıqları təqdimatları qiymətləndirib, məzmunun daha səmərəli təqdim olunması üçün tövsiyələr verib və yaranan sualları cavablandırıb. "Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş" layihəsi çərçivəsində həftədə üç dəfə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki yeniyetmələr üçün, "Qızıl Əllər" Tədris Mərkəzində kompüter üzrə nəzəri və praktiki təlimlər davam etdirilir. Layihənin rəhbəri Lamiyə İsazadə, təlimçisi isə Sona Hüseynlidir.