Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik üçüncü oxunuşda təsdiqlənib.
Bununla bağlı qanun layihəsi Milli Məclisin iyulun 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin edilməsi məqsədilə hazırlanıb və nəqliyyat sahəsinin tənzimlənməsini nəzərdə tutur. Azərbaycan Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ-hüquqi bazasının yaradılması öz əksini tapıb.
ZÜMRÜD