İtkin düşmüş hər bir insanın arxasında bir ailənin faciəsi, illərlə cavabsız qalan suallar və tükənməyən ümid dayanır. Azərbaycan bu humanitar problemlə 30 ildən artıqdır ki, üz-üzədir. Postmünaqişə dövründə davamlı sülhə nail olmağın ən mühüm şərtlərindən birinin məhz bu problemin həlli olduğunu bilirik.
Bunu xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
"1949-cu il Cenevrə konvensiyaları və onların əlavə protokolları münaqişə tərəflərindən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, həlak olanların axtarılması, insan qalıqlarının eyniləşdirilməsi və onlarla ləyaqətlə davranılmasını tələb edir. Təəssüf ki, Azərbaycanın üzləşdiyi reallıq bu humanitar normaların kobud şəkildə pozulmasının bariz nümunəsidir. İtkin düşmüş şəxslər probleminin həlli yalnız bir ölkənin deyil, bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir. Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutaraq bu məsələnin sülh və etimad quruculuğu prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib. Bunun sübutu olaraq, Azərbaycan 2020-ci ilin noyabr ayından etibarən heç bir qisasçılıq hissi güdmədən döyüş meydanında tapılmış təxminən 2000-dən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib. Hərbçilərimizin bu axtarışları çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçirilib. Hazırda sülh prosesi çərçivəsində də bu məsələ diqqət mərkəzindədir" - deyə nazir müavini bildirib.
ZÜMRÜD