"Qarabağ Əlilləri və Veteranları" İctimai Birliyi və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin birgə təşkil etdiyi 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə dövlət himnimiz səsləndivə şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə çıxışında bu günün tarixindən danışdı. O, qeyd edib ki, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü, müasir və qüdrətli Azərbaycan Ordusunun yaranması şərəfinə hər il rəsmi olaraq qeyd olunan peşə bayramıdır. O, vurğulayıb ki, bu əlamətdar gün, ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə təsis edilmişdir. Tarixi əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradılmasına dayanan bu bayram, Vətən müharibəsində əldə edilən Qarabağ Zəfərindən sonra xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən danışan İ. Rzazadə bildirib ki, Vətən uğrunda canından keçənlər unudulmayacaqlar. Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın ilk snayper qadını, "xalaqızı" ləqəbli Növrəstə Yusifovanın, Birinci və İkinci Qarabağ müharibəsi qazilərinin, veteranların iştirak etdiyi tədbirdə xalqımızın qeyrətli oğul və qızlarının Azərbaycanın ərazi bütövlüyü uğrunda verdiyi mücadilədən söhbət açıldı, vətənpərvərlik ruhlu çıxışlar edildi. Nurlan Qurbanovun rəhbərlik etdiyi "Exspargo" şirkətinin maliyyə dəstəyi ilə "Xanadən" restoranında təşkil olunan tədbirdə ordu günü münasibətilə veteranlar müxtəlif nominasiyalar üzrə təltif edildilər. Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov və başqaları çıxış edərək bu günün əhəmiyyətini vurğuladılar. Tədbir vətənpərvərlik nəğmələri ilə davam etdi.
İradə SARIYEVA