Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunun Qurunba kəndində fiziki şəxs Əkbərov Zakir Ağaşirin oğluna məxsus mağazada yoxlama keçiriblər.
Bu barədə mətbuata AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, satış obyektində müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilər, eləcə də mənşəyini və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədləri olmayan toyuq məhsulları aşkarlanıb.
Aşkar edilmiş məhsullar agentliyin əməkdaşları tərəfindən satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.