Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis baş leytenantı Elvin İsmayılov, “XXI Əsrin Qadınları” İB-nin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor mavini Sona Orucova, Mərkəzin müəllim və tələbə kollektivi iştirak edib.
İQAMBİ-nin əməkdaşı çıxış edərək qanunvericilik və profilaktik mexanizmlər barədə ətraflı məlumat verib, dövlət strukturlarının bu sahədə gördüyü işlərdən danışıb. Bildirilib ki, insan alverinə qarşı real mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin hər bir üzvünün məlumatlılığı, mübarizəsi və birgə fəaliyyəti ilə mümkündür.
Layihə rəhbəri Mahirə Əmirhüseynova çıxışında tədbir iştirakçılarına cinayətkarların vətəndaşları insan alverinə necə cəlb etmələrindən danışıb. O, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, insan alveri ilə mübarizədə ictimai məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.