Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Amma gündəmin əsas müzakirəsi iclasın gündəliyində olan və ya gündəliyə salınması gözlənilən məsələlər yox, alimlərin toplantı zamanı yuxuya getmələri oldu.
Bu barədə mediada və sosial şəbəkələrdə saysız-hesabsız kadrlar yayıldı. Baş verənlər cəmiyyətdə həm ciddi müzakirələrə, həm də qınağa səbəb olub.
Maraqlıdır, AMEA-da belə halın baş verməsi nə ilə bağlıdır? Yaşananlar onların yaşları ilə bağlıdır, yoxsa bu adamlar üçün elm artıq maraqlı deyil? Bəlkə belə halın baş verməsi aparılan müzakirənin məzmunsuzluğu ilə bağlı olub? Tanınmış elm adamlarının AMEA-nın Rəyasət Heyətində belə davranmasına necə baxırsınız?
Məhərrəm Zülfüqarlı: “Yatmaq özü də bir etirazdır”
Sözügedən məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının fikrincə, iclasda Ramiz Mehdiyevlə bağlı məsələnin müzakirə ediləcəyi ilə bağlı tədbirə maraq böyük idi: “Əvvəla, həmin şəkillər hamının diqqət mərkəzindədir. Çünki elm mərkəzi olan AMEA-dan xalq çox şey gözləyir. Ramiz Mehdiyevlə bağlı məsələnin müzakirə ediləcəyi ilə əlaqədar maraq böyük idi. Mehdiyevin akademik elmi adının əlindən alınacağı gözlənilirdi. Lakin Rəyasət Heyətinin iclası başlayandan sonra elan edildi ki, Mehdiyevə məhkəmə hökmü oxunandan sonra bu məsələyə baxılacaq. Məhz bundan sonra iştirakçıların iclasa marağı azaldı. Bəlkə də yaşlı alimlər yatmaqla buna etiraz etdilər. Yəni yatmaq özü də bir etirazdır. Yəqin yaşlı alimlər Rəyasət Heyətinin fəaliyyətsizliyinə, cəsarətsizliyinə, ordakı rəhbərliyə bu cür etiraz ediblər. AMEA-da yaşlı alimlərdə mübarizə aparmaq, etiraz etmək instinki olmadığına görə, yatmaqla buna etirazlarını bildirdilər. İstənilən halda elm adamlarının iclasda yatması təəssüfləndirici haldır. Bütün bunlar onu göstərir ki, Akademiyada dərin islahatlara ehtiyac var”.
Arzuxan Əlizadə: “İclasda yatanlar üçün aparılan müzakirələr maraqlı olmayıb”
Məsələyə münasibət bildirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, tanınmış elm adamlarının AMEA-nın iclasında mürgüləməsi təəssüf doğurur: “Bu, onu göstərir ki, AMEA-da bir sıra problemlər mövcuddur. Bir çoxları ora bir iş yeri kimi baxırlar, nəinki bir elm mərkəzi kimi. O üzdən, iclasda yatanlar üçün aparılan müzakirələr maraqlı olmayıb. Maraqlı olsaydı, o zaman belə təəssüf doğuracaq, utancverici mənzərə yaranmazdı”.
Seyid Camal Əzimbəyli: “İclasla bağlı yayılan şəkillər utanc doğuracaq bir mənzərə idi”
Şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, iclasla bağlı yayılan şəkillər utanc doğuracaq bir mənzərə idi: “Əvvəla, ömrünü həqiqi elmə sərf edən alimlərin haqqına girmək olmaz. Lakin o da bir həqiqətdir ki, AMEA müasir dövrün tələbləri ilə ayaqlaşa bilmir. Bəzi hallarda ora intriqa mərkəzinə çevrilir. Cəmiyyətin isə gözləntisi Akademiyanın elmə real töhfə verməsidir”.
Etibar Əliyev: “Onlar mürgülüyərək elmə yenilik gətirmirlər”
Sabiq deputat, təhsil eksperti Etibar Əliyevin isə məsələyə münasibəti belə oldu: “Gəlib yer tutmaqla elm inkişaf etmir, gənclərin yolunu bağlayırlar. Demək olar ki, gənclərin elmdə heç bir karyera qazanmaq imkanları yoxdur. Onlar mürgüləyərək elmə yenilik gətirmirlər. “65 yaş” qanunu hamıya aid olunmalıdır. Orada yatanların bir neçəsi akademiklərdir. Bu gün Azərbaycan elmində ən ciddi problemlərdən biri alim etikası və alim mədəniyyətidir”.
Vidadi ORDAHALLI