Akif Nəsirli: “Minimum əmək haqqı daha çevik şəkildə tənzimlənəcək və iqtisadi vəziyyətə uyğunlaşdırılacaq”
Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsi haqqında Qanuna edilən dəyişikliyə əsasən Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq. Qanuna əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Prezident müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Ekspertlər hesab edir ki, minimum əmək haqqının məbləğinə 6 aydan bir yenidən baxılması müsbət tendensiya formalaşdırır. Ekspertlərin sözlərinə görə, bu, o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir..
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, bu dəyişiklik Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. “Əsas məna ondan ibarətdir ki, minimum əmək haqqı artıq uzun müddət dəyişməz qalmayacaq, iqtisadi vəziyyətə uyğun olaraq ildə ən azı bir dəfə qiymətləndiriləcək.
Bunun müsbət tərəfi odur ki, qiymətlər artdıqca və infilyasiya yüksəldikcə aşağı maaş alan insanların gəliri köhnə səviyyədə qalmayacaq. Əgər yaşayış xərcləri artarsa, minimum əmək haqqının da artırılması mümkün olacaq. Bu isə aztəminatlı işçilərin alıcılıq qabiliyyətinin qorunmasına kömək edə bilər”.
A.Nəsirli həmçinin qeyd etdi ki, işçilər üçün daha sabit və proqnozlaşdırıla bilən bir sistem formalaşa bilər. “Yəni əsas dəyişiklik ondan ibarətdir ki, minimum əmək haqqı daha çevik şəkildə tənzimlənəcək və iqtisadi vəziyyətə uyğunlaşdırılacaq”-deyə A.Nəsirli bildirdi.
İradə SARIYEVA