Ermənistanda çikunqun qızdırması xəstəliyi qeydə alınıb. Xəstənin Seyşel adalarında ağcaqanad sancması nəticəsində xəstəliyə yoluxduğu bildirilir.
Armenpress-in məlumatına görə, Ermənistan Respublikası Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Administrasiyası bu barədə məlumat verərək, xəstənin sağlamlıq vəziyyətinin hazırda qənaətbəxş qiymətləndirildiyini qeyd edib. Bildirilir ki, son zamanlar Seyşel adaları, Şri-Lanka, Surinam, Boliviya və Kubada çikunqun qızdırmasının epidemiyaları qeydə alınıb. Xəstəliyin gizli dövrü 2-12 gündür və əsas simptomlar arasında qızdırma, şiddətli oynaq ağrısı, əzələ ağrısı, dəri səpgisi və halsızlıq var. İnfeksiya ağcaqanad sancması yolu ilə ötürülür. İnsandan insana yayılmır və spesifik müalicə yoxdur. İnfeksiyaya qarşı peyvənd geniş yayılmayıb. Risk qrupuna xroniki xəstəlikləri olan insanlar, yaşlılar və hamilə qadınlar daxildir. Yoluxmuşlar arasında ölüm nisbəti aşağıdır, təxminən 0,1% (əsasən yaşlılar və xroniki xəstəlikləri olanlar arasında).
Yuxarıda qeyd olunan bölgələrdən qayıdanlar, oxşar simptomlar yaranarsa, yoluxucu xəstəliklər üzrə mütəxəssisə müraciət etməlidirlər.
Leyla QARAXANLI