“Həmişə qeyd edirdik ki, Gürcüstanda fəaliyyət göstərən 116 milli məktəbin 79-u sırf azərbaycandilli məktəb, 37-si isə qarışıq sektor məktəbdir. Artıq bunu deyə bilməyəcəyik, çünki bütün məktəblərdə gürcü bölməsi açmaqla sırf azərbaycandilli məktəb statusuna son qoymuş oldular”. Bu sözləri baki-xeber.com-a Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının direktoru Aygül İsayeva deyib.
A.İsayevanın sözlərinə görə, bununla belə, icmada uşaqların gürcü sektoruna məcburi yazdırılması ilə bağlı qəsdən dezinformasiya və əsassız şaiələr yayırlar. “Bu şaiənin mənbəyi regionlardakı təhsil resurs mərkəzləri ola bilər, öz məqsədlərinə nail olmaq üçün qeyri-qanunu göstərişlər verə bilərlər. Buradan bildirmək istəyirəm ki, qanunvericilikdə “məcburi” deyilən heç nə yoxdur. Valideynlər övladlarını Azərbaycan bölməsinə qoysalar, digər sektorlar fəaliyyətsiz qalacaq, necə ki, bəzi məktəblərdə bu artıq baş verir.
Anlamaqda çətinlik çəkənlər üçün bir daha xatırladım ki, Azərbaycan bölməsində gürcü dili dərsləri hər gün, həftədə 5 saat keçirildiyi halda, Azərbaycan dilinin tədrisinə əksər məktəblərdə həftədə 1-2 saat ayrılır”-deyə A.İsayeva vurğulayıb.
İradə SARIYEVA