Elyar İslamoğlu: “Barəsində töhmət verilmiş şəxsin dərhal daha geniş səlahiyyətli vəzifəyə təyin edilməsi...”
Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı vətəndaşa qarşı kobudluq edən və bununla da gündəmə gələn Samir Bədəlovun vəzifəsi dəyişib. S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib. Bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq əmr imzalayıb.
S.Bədəlov vətəndaşın əmlakına qəsd etmiş məmurdur. Bu qanunsuz əməlinə, vətəndaşa məxsus məhsulu mənimsədiyinə görə də ona töhmət verildi. Bir neçə gün əvvəl Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı ona töhmət verdi, indi götürüb onu daha məsul bir vəzifəyə qoyub. Bu dəfə o, icra hakimiyyətində yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib. Meydanını bir az da genişləndirirlər. Bu nə dərəcədə düşgündür ki, ictimaiyyətlə, camaatla işləyə bilməyən məmurlara növbəti dəfə belə yüksək etimad göstərilir? Zakir Fərəcov dünən töhmət verdiyinə bu gün vəzifə verir. Z. Fərəcovun əmri nə dərəcədə normal əmr sayıla bilər?
“...Suallar yaradır”
Hüquqşünas Elyar İslamoğlu baki-xeber.com-a bildirdi ki, bu təyinat cəmiyyətdə birmənalı qarşılanmaya bilər. “Adətən barəsində intizam tənbehi tətbiq olunan vəzifəli şəxslərlə bağlı qərarlarda müəyyən vaxt amili və davranışa hüquqi-siyasi qiymət gözlənilir. Qısa müddət sonra həmin şəxsin başqa, funksional baxımdan daha geniş sahəni əhatə edən vəzifəyə təyin edilməsi idarəetmə prinsipləri və kadr siyasətinin ardıcıllığı ilə bağlı suallar yaradır”.
E.İslamoğlunun sözlərinə görə, belə hallarda qərarın hüquqi əsaslarının və məqsədinin ictimaiyyətə aydın şəkildə izah olunması dövlət idarəçiliyinə olan etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. “Barəsində töhmət verilmiş şəxsin dərhal daha geniş səlahiyyətli vəzifəyə təyin edilməsi idarəetmədə məntiqi ardıcıllıqla uzlaşmır. Adətən bu cür hallarda ya əvvəlki vəzifədə qalma, ya da müvəqqəti kənarlaşdırma tətbiq olunur”-deyə E.İslamoğlu qeyd etdi.
İradə SARIYEVA