Leyla Sariyeva: “Sağlamlıq zərərləri sübuta yetirildikdə artıq burada bir cinayət işi başlanmalıdır”
Qida Təhlükəsizliyi Agentliyi Xırdalanda "kənd toyuğu" adı altında toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığını aşkarlayıb.
Qeyd edək ki, Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.
Bildirək ki, zamanla bu kimi hallar tez-tez qeydə alınıb. Sahibkar toyuğu sarı boya ilə rəngləyib satışa çıxarır.
Məsələyə münasibət bildirən qida mütəxəssisi Leyla Sariyeva baki-xeber.com-a bildirdi ki, insan sağlamlığına qəsdən zərər verənlərə qarşı cinayət məsuliyyəti mexanizmi işə salınmalıdır: “İstehlakçıların aldadılması prosesi var, sağlamlıq üçün təhlükəli məhsul istehsalı var. Sağlamlıq zərərləri sübuta yetirildikdə artıq burada bir cinayət işi başlanmalıdır. Hətta sahibkarlıq hüququndan məhrumetmə olmalıdır. İş bununla məşğul olanların fəaliyyətinin məhdudlaşdırılması ilə yekunlaşmamalı, sex tam ləğv olunmalı, avadanlıqlar müsadirə olunmalıdır”.
Günel CƏLİLOVA