2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.
“APA-Economics”in əldə etdiyi məlumata görə, sözügedən gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha üç gəmi isə Şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.
Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm Şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apellyasiya müraciəti hazırlanıb.
Hələlik apellyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.
Əlavə olunub ki, ASCO vəziyyəti ciddi nəzarətdə saxlayır və prosesin gedişatından asılı olaraq müvafiq tədbirlər görüləcək.