Azərbaycan Səhiyyə Nazirliyi bu il ərzində qanunsuz tibbi fəaliyyətlə məşğul olma ilə bağlı 88 fakt aşkarlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla yanaşı, 75 halda cərimə tətbiq edilib, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 4 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülüb.
G.Poladov bildirib ki, hazırda respublika üzrə 600-dən çox özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi araşdırılır.