Vətənin dar günündə dadına çatan, haqq savaşımızda torpaq naminə canında keçən Masallı elinin qalib şəhidləri həmişə, hər yerdə böyük ehtiramla xatırlanırlar. İndi rayon sakinləri şəhidlərin boya-başa çatdıqları evləri özlərinə and yeri bilir və tez-tez onların ailələrinə baş çəkirlər. Bu günlər isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsi və Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları rayonda bir-neçə şəhid ailəsində oldular. Belə ki, rayon həmkarlar təşkilatının sədri Vəkil İsmailov, Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva və digər mədəniyyət işçiləri Ərkivan qəsəbəsində şəhid Sənan Mətləb oğlu Seyfullayev, Böyük Xocavar kəndində şəhid Məhəmməd İlham oğlu Əliyev və Hüseyn-hacılı kəndində şəhid Elçin Qismət oğlu Novruzovun ailəsini ziyarət etdilər.
Ziyarətlər zamanı mədəniyyət işçiləri şəhidlərin ailə üzvlərinə qayğı ilə yanaşdılar. Onlara səbir diləyərək şəhid övladlarının ruhuna sayğı göstərdilər. Valideynlər isə öz növbəsində övladlarının döyüş yolundan danışdılar, həm də qonaqları şəhidlərin xatirəsinə düzəltdiyi guşələrlə tanış etdilər.
Sonda şəhid ailələrə rayon həmkarlar komitəsinin maddi dəstəyi ilə hazırlanmış yardım bağlamaları təqdim olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü