Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətinin payız-qış aylarında bataqlığa çevrilən yol problemi ilə yanaşı daha bir dərdi var: zibil yeşiklərinin yoxluğu. Bakı və ətraf qəsəbələrin inkişafına dair dövlət proqramları sayəsində bu qəsəbə-kəndlərin çoxunda su, qaz, elektrik xətləri yenilənib. Ancaq məişət tullantılarını atmaq üçün münasib yerlər və tullantıların vaxtında daşınması hələ də ciddi problem olaraq qalır.
Belə bir problem Abşeron rayonu Masazır qəsəbəsində də qeydə alınır. Adıçəkilən ünvanda yaşayanlar bildirir ki, məişət tullantıları ərazidən vaxtlı-vaxtında toplanmır. Bu da həmin ərazidə xoşagəlməz mənzərənin yaranmasına səbəb olur. Günlərlə dolub-daşan zibil qutuları daşınmır. Üstəlik, bu qutuların yaşayış evlərinin bir addımlığında olması vəziyyəti daha da qəlizləşdirir. Qeyd edək ki, sakinlər zibillərin toplanması üçün Masazır bələdiyyəsinə pul ödəsələr də, bələdiyyə tərəfindən zibillərin daşınması uzun müddətdir ki, həyata keçirilmir.
“Xidmət haqları vaxtında yığılarsa, texnikamıza mütəmadi baxış keçirərik, o zaman da bu cür problemlər yaranmaz”
Məsələ ilə bağlı Abşeron rayonu, Masazır bələdiyyəsinin rəsmisi Ceyhun İsmayılov bildirdi ki, məişət tulantılarının daşınması həyata keçirilir: “Maşınlarımız tekniki baxımdan nasaz olduqları üçün zibillərin daşınması məsələsində çətinlik çəkirik. Bu da onunla əlaqədardır ki, biz yerli özünüidarəetmə orqanıyıq. Özümüz-özümüzü maliyyələşdiririk. O ki qaldı zibil daşınması məsələsinə, bizim ərazidə 6-ya yaxın zibil daşıyan maşınımız var. Zibillər gündəlik saat 07:30-dan 18:00-a qədər toplanılır. Problem vətəndaşların xidmət haqlarını vaxtında ödəməməsidir. Əgər xidmət haqları vaxtında yığılarsa, texnikamıza mütəmadi baxış keçirərik. O zaman da bu cür problemlər yaranmaz”.
Günel CƏLİLOVA