Məlumdur ki, həkimlər üçün 5 ildən bir sertifikasiya imtahanı keçirilir. Bu günlərdə pediatrlar üçün keçirilən sertifikasiya imtahanı zamanı salınan suallar həkimlərin narazılığına səbəb olub. Belə suallardan biri də aşağıda qeyd etdiyimizdir:
Yeni doğulmuş (bir həftəlik) uşaqda əsasən nəyə nəzarət etmək lazımdır?
a) çəkisinin artmasına
b) psixomotor inkişafa
c) hemoqlobinin səviyyəsinə
d) boyun inkişafına
e) nitqə
Maraqlıdır, bu testi tərtib edən şəxslər bir həftəlik uşaqda nitq qabiliyyətinin olmasını düşünür?
“İmtahana salınan suallar içərisində “yeni doğulmuş uşaqda nəyə fikir verilməlidir” tipli sual qoyulub, cavablar arasında “nitq” yazılıb, deməli…”
İmtahanda iştirak edənlərdən biri də tanınmış pediatr Aytən İsmayılzadədir. O bildirdi ki, sertifikasiya imtahanında tərtib edilən suallar arasında elələri var ki, bu peşənin sahiblərini rəsmən ələ salırlar: “Mən bu testi oxumağa sərf etdiyim vaxtda bir ananın sualına cavab yazaram, milyon dəfə faydalı olar. İmtahana salınan suallar içərisində “yeni doğulmuş uşaqda nəyə fikir verilməlidir” tipli sual qoyulub. Cavablar arasında “nitq” yazılıb. Deməli, bu testi tərtib edən kəs elə hesab edir ki, bizim həkimlərin içində eləsi tapıla bilər ki, nitqi seçsin. Yəni hesab etsin ki, bir həftəlik uşaqda nitqə nəzarət etmək lazımdır”.
Pediatr onu da qeyd etdi ki, o bu cür gülünc, savadsız, səhv tərtib edilmiş sualları toplayır. Sonda bunlara aid video çəkib yayacaq: “Bu da bizim səhiyyənin qara üzündən biri olsun. Imtahan zamanı sualların uyğunsuzluğu ilə bağlı təkmilləşmə müəlliminə müraciət etdim. O dedi ki, sualları kim tərtib edirsə onlar məxfi qalır. Əlbəttə, mən də razıyam ki, məxfi qalsın. Amma bu halda yaxşı olar, məxfilik götürülsün, hər kəs öz tərtib etdiyi suallara görə məsuliyyət daşısın”.
Günel CƏLİLOVA