Ağdam rayonu, Üçoğlan kənd sakinləri olan bacı-qardaş Təvəkkül Sadıqov və Esmira Sadıqovanın bu ilin əvvəlindən pensiyaları kəsilib. Bu barədə onların bacısı Narıngül Sadıqova bildirib.
O qeyd edib ki, bacısı və qardaşı ruhi xəstəlikdən əziyyət çəkirlər: “Bu ilin əvvəlindən hər ikisinin pensiyası kəsildi. Dedilər ki, təkrar müayinə olunmalıdırlar. Qardaşım bir dəfə müayinə olundu, ona yenə imtina cavabı gəldi. İkinci dəfə müayinə sənədləri sistemə vurulsa da, hələ ki, ona cavab gəlməyib. Bacımın isə sənədlərini Ağdam Rayon Ruhi Dispanserində həkimlər itiriblər. Dispanserdən deyirlər ki, yenidən müayinədən keçin, göndərək sənədləri. Ancaq buna imkanımız yoxdur. Hər iki şəxs yaşlı atamın himayəsində yaşayırlar. Pensiyaları olanda yenə özlərini dolandıra bilirdilər. İndi çox çətin vəziyyətdə qalıblar. Həm də bunlar ruhi xəstə olduqları halda niyə pensiyaları kəsilməlidir?!”
Maraqlıdır, ruhi xəstə olan bacı-qardaşın pensiyası niyə kəsilib? Esmira Sadıqovanın sənədləri niyə xəstəxanadan itib?
Məsələ ilə bağlı fikir bildirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov bildirdi ki, Ağdam rayon sakini Sadıqov Təvəkkül Qaraxan oğlunun əlillik müddəti bu ilin fevral ayında bitib: “Tibb müəssisəsinin T.Sadıqovla bağlı e-sistemə daxil etdiyi göndəriş (forma 88) əsasında 27.05.2021-ci il tarixində əlilliyinin təkrar qiymətləndirilməsi zamanı göndərişin natamam tərtib edildiyi müəyyən olunub. Yəni, əqli geriliyin diaqnostikası İQ səviyyəsinin yoxlanması vasitəsilə aparılır. T.Sadıqovla bağlı göndərişdə əqli geriliyin səviyyəsini müəyyən etməyə əsas verən bu testin aparıldığı əksini tapmayıb. Bu səbəbdən ona əlillik təyinatı aparmaq mümkün olmayıb. T.Sadıqov ixtisaslaşmış tibb müəssisəsində İQ testləri etdirdikdən və bu barədə göndərişdə məlumat qeyd olunduqdan sonra onun əlilliyinin qiymətləndirilməsi aparılaraq müvafiq qərar qəbul ediləcək”.
Günel CƏLİLOVA