Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
O deyib ki, dəyişikliklər qüvvəyə minəndən sonra tibb müəssisələrində fərqli qiymətlərin olması problemi aradan qaldırılacaq.
Dəyişikliyə əsasən, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.
Dəyişiklik “Tibbi sığorta haqqında” qanuna uyğun olarsa, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), digər tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) tərəfindən təsdiq edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.
Qeyd etdiyimiz kimi, xəstəxanalarda vahid qiymət tətbiq olunacaq. Maraqlıdır, bu qərar özəl xəstəxanalara da şamil olunacaqmı?
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, gələcəkdə vahid qiymət siyasətinin özəl tibb müəssisələrinə də tətbiq olunması mümkün deyil: “Bu bazar iqtisadiyyatı prinsiplərinə zidd addım ola bilər. Özəl sektora belə bir müdaxilə qeyri-mümkündür. Bu təxminən Tarif Şurasının dərmanların qiymətinə müdaxilə kimi bir sistemin formalaşmasına gətirib çıxara bilər. Zaman göstərir ki, strateji əhəmiyyətli məhsulların qiymətlərini istisna etsək, özəl sahibkarlıq subyektlərində hər hansı xidmətlərin dövlət tərəfindən tənzimlənməsi effektiv deyil. Çünki qiymətlərə bir neçə faktorlar ciddi şəkildə təsir göstərir. Bura icarə, ən son tibbi avadanlıqlar, peşəkar xidmət və s. Ona görə də bu sahədə vahid tarifin tətbiq oluna bilmə ehtimalı demək olar ki, yoxdur”.
Günel CƏLİLOVA