18/09/2020 20:32
728 x 90

Yer üzündən silinmiş Quba qalasının layihəsi təqdim edildi

img

“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) həyata keçirdiyi layihə çərçivəsində çar Rusiyası tərəfindən yer üzündən silinmiş Quba qalasının layihəsini təqdim edib. Assosiasiyanın mütəxəssisləri 12 ildən artıqdır Quba şəhərinin qala divarları ilə bağlı tədqiqatlar aparaq çoxlu sayda tarixi mənbələr toplamalarına baxmayaraq, qalanın təsvirini və ya layihəsini əldə edə bilməyiblər. Buna görə də assosiasiya toplanmış məlumata istinadən Quba şəhərinin qala divarlarının layihəsini hazırlayaraq, ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edib.

Uzunluğu təxminən 852 metr, eni 277 metr olmuş, hazırki Quba şəhərinin mərkəzində yerləşmiş qala divarları, bəzi məlumatlara görə 1744, bəzi məlumatlara görə isə 1747-ci ildə Quba xanı Hüseyəli xan tərəfindən xanlığı mərkəzi Xudatdan Qubaya köçürülərkən inşa etdirilib. Qala divarının hündürlüyü 8-8,52 metr, eni isə 2,13 metr olub. Bəzi tarixi mənbələrdə qala Qudyal qalası kimi təqdim edilir. Qalanın 3 qapısı və təhlükədən xilas olmaq üçün yeraltı yolları olub. Qala sökülsə də, yeraltı yollar şəhərin mərkəzindəki qədim evlərin altında qalmaqdadır. Bu tarixi abidələrin  təmizlənməsi və bərpasına ciddi ehtiyac var.

Layihənin rəhbəri professor Məhərrəm Zülfüqarlı hazırlanmış sənəd barədə qeyd edir ki, “hazırladığımız layihə ilk olduğuna görə ona münasibət birmənalı olmayacaq. Layihədə göstərilən qala divarlarının ölçüləri akademik Şamil Fətullayev-Fiqarovun (əslində-Zülfiqarov) məqaləsinə istinad edilərək verilib. Görkəmli alim bu ölçüləri Quba qalasının 1811-ci ilə aid hərbi planından götürüb. Bu layihəni təqdim etməkdə məqsəd mütəxəssislərin və səlahiyyətli qurumların diqqətini 150 il bundan əvvəl çar Rusiyası tərəfindən dağıdıllaraq yer üzündən silinmiş naməlum Quba qalasına cəlb etməkdir. Çox istərdik ki, mütəxəssislər bizim təqdim etdiyimiz layihəyə tənqidi yanaşaraq öz münasibətlərini bildirsinlər. Məhz bu yolla biz daha təkmil layihələrin ortaya çıxmasına nail ola bilərik. İnanırıq ki, tarixçilər,  arxitektorlar, arxeoloqlar bu məsələyə biganə qalmayacaq”.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihənin icrası davam edir.

Son xəbərlər