“Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq".
Bu sözləri Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.
“...xüsusi nəzarət tətbiq edilməlidir”
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinə nəzarət mexanizminin tətbiq olunmasının əhəmiyyəti haqqında danışan professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, bu sahəyə xüsusi nəzarət tətbiq edilməlidir: “Sevindirici haldır ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna nəzarət mexanizmi hazırlanıb. Yaxşı olar ki, koronavirusla mübarizə üçün toplanan vəsaitin bir qismi elmi tədqiqat sahəsinə yönəlsin. Məlumdur ki, koronavirusun bioloji, mikrobioloji, kliniki xüsusiyyətləri haqqında dünyada tam təsdiqlənmiş məlumatlar yoxdur. Xəstəliyin əlamətləri, onunla mübarizə üçün alimlər müxtəlif fikirdədirlər. Koronavirus infeksiyası üçün spesifik, məhz bu infeksiya üçün istifadə olunan müalicə üsulu da yoxdur. Təəssüf ki, xəstəliyin peyvəndi də hazırlanmayıb”.
Həmsöhbətimiz hesab edir ki, virusla bağlı qabaqlayıcı, profilaktik tədbirlər elmi tədqiqatlara əsaslanmış təkliflər nəticəsində olmalıdır. Bu virusun forması, xüsusiyyətləri, modifikasiyası, mutasiyası, o cümlədən, müalicə üsulu öyrənilməlidir. Məhz elmi tədqiqatlara əsaslanan qərarlar verməliyik.
Günel CƏLİLOVA