DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara sosial məsafənin saxlanmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.
Şöbə əməkdaşları tərəfindən sərnişindaşıma sahəsindəki vəziyyətə də ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunması, həmçinin, həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması üçün profilaktiki tədbirlər həyata keçirilir, karantin rejiminin tələblərinə riayət olunub-olunmaması yoxlanır.
Sakinlərə və sürücülərə tibbi maska paylayan polis əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etməyi tövsiyə edirlər.