Paytaxt Bakıda hərəkət icazəsi olan insanlar hər gün işə gedib-gəlməyə məcburdurlar. Bunun üçün çoxu ictimai nəqliyyatdan istifadə edir. Karantin rejimi ilə əlaqədar olaraq ictimai nəqliyyatdan istifadə edən əhaliyə ehtiyatlı olmaq tövsiyə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər təhlükəsizlik üçün tibbi maska və əlcək taxmalıdırlar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlər" əsasında yeni qaydalar hazırlayıb. İctimai nəqliyyatda koronavirus profilaktikasına dair yeni qaydalar təsdiq olunub. Qaydalar daşıyıcı şirkətlər, sürücülər və sərnişinlər üçün nəzərdə tutulub. Bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq, özünüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərsiniz.
“İctimai nəqliyyatda profilaktika qaydalarına riayət edilərsə, koronavirusun yayılmasının qarşısı alınar”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, ictimai nəqliyyatdan istifadə edən bütün sərnişinlər maska taxmalıdırlar. Ancaq mənzərə onu deməyə əsas verir ki, sərnişinlər hələ də sağlamlıqlarına biganə yanaşırlar. Əslində, vətəndaşlar sosial məsafəni qorumalı, ictimai yerlərdə virusdan qorunmaq üçün maska və əlcəkdən istifadə etməlidirlər: “Taksilərdə isə sərnişinlər bu gündən yalnız arxada oturmalı, sürücü ilə sərnişinin arası şəffaf arakəsmələrlə ayrılmalı idi. Bəzi taksilərdə bu tələbə əməl edilsə də, əksəri hələ də riayət etmir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina yaradılmalıdır. Kabina yoxdursa, şəffaf arakəsmə də quraşdırıla bilər: “Bununla yanaşı, ictimai nəqliyyat vasitələrinin havası vaxtaşırı dəyişdirilməlidir. Avtobus və taksilər mütəmadi olaraq dezinfeksiya edilməlidir. İctimai nəqliyyatda profilaktika qaydalarına riayət edilərsə, koronavirusun yayılmasının qarşısı alınar”.
Günel CƏLİLOVA