Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 190 manat yardımla əlaqədar imtina alan 4500 vətəndaşdan cəmi 21 nəfər ictimai iş təklifinə müsbət cavab verib.
Onun sözlərinə görə, 250 manatlıq ictimai iş təklifini cəmi 21 nəfər müsbət cavablandırıb: “Haqqı ödənilən ictimai iş qat-qat üstündür. Burada əmək müqaviləsi var, vətəndaşın sosial sığortası, işsizlikdən sığortası ödənilir, onun gələcək pensiya təminatı yaranır və bu insan işləməyə başlayır. Digər tərəfdən, bu, aktiv məşğulluq tədbiridir, 190 manat isə passiv məşğulluq tədbiridir. Passiv məşğulluq tədbiri getdikcə portfel olaraq azalmalıdır və biz bu trendi koronavirus pandemiyası başlayana qədər nəzərdə tutmuşduq. Əksər insanları işsizlik müavinəti və sığortasından, ünvanlı sosial yardımdan özünüməşğulluğa, haqqı ödənilən ictimai işlərə və digər proqramlara cəlb edirdik. Burada da məqsəd insanların əmək bazarına qazandırılmasıdır. İmtina alan 4500 vətəndaşdan cəmi 21 nəfər ictimai işə razılaşdı. Bu onun göstəricisidir ki, həqiqətən, insanın o məbləğə ehtiyacı yoxdur. Ehtiyacı olan insan əməkhaqqı ilə işləməyə razı olardı.
İkincisi isə onun göstəricisidir ki, vətəndaş işləmək istəmir. Onun qeyri-formal işi, gəlir mənbəyi var, ona görə işləmək istəmir”.
Bəlli olur ki, işsiz olan şəxslərin ödənişli ictimai işlərə marağı çox azdır. Belə olmasaydı, o zaman bununla bağlı müraciət edənlərin sayı bu qədər az olmazdı.
Maraqlıdır, ictimai işlərə niyə maraq azdır? Ekspertlər bunun səbəbini nə ilə izah edirlər?
“Elələri var ki, ayda 190 manat hökumətdən yardım almağı ödənişli ictimai işdə işləyib 250 manat almaqdan üstün tutur”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, ödənişli ictimai işlərə marağın az olmasının kökündə müxtəlif səbəblər dayanır: “İctimai işlərdə minimum əməkhaqqı həcmində, yəni 250 manat məvacib verilir. Bir çoxu bunun az olmasını əsas gətirərək işləmək istəmir. Hansı ki, sözügedən vəsait az olsa da, hazırkı şərtlər üçün münasibdir. O mənada ki, koronavirusla əlaqədar evdə işsiz oturmaqdansa, müvəqqəti olaraq bu işdə işləmək daha məqsədəuyğundur. Təəssüflər olsun ki, bir çoxu bununla razılaşmır. Başqa bir tərəfdən, elələri var ki, ayda 190 manat hökumətdən yardım almağı ödənişli ictimai işdə işləyib 250 manat almaqdan üstün tutur. İstəyirlər ki, davamlı olaraq hökumət onlara yardım etsin. Bunun başqa bir səbəbi onunla əlaqədardır ki, muzdla işləyənlərin bir çoxu real gəlirlərini gizlədir. Yəni həmin gəlirlər leqallaşdırılmır. Belədə onlar işsiz kimi görünsələr də, əslində, işsiz deyillər. Ona görə də bu və digər səbəblərdən ödənişli ictimai işlərə maraq azdır”.
Vidadi ORDAHALLI