Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.
Aidiyyəti qurumlar vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırırlar. Edilən çağırışlara, tətbiq edilən qaydalara baxmayaraq, bəzi şəxslər hələ də tibbi maskasız və əlcəksiz sərbəst şəkildə evdən çölə çıxırlar.
Məlumdur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, mayın 9-dan etibarən “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Metropolitenin açıqlamasında bildirilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Bakı metrosu Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun fəaliyyət göstərməlidir: “Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən, metropolitendə hərəkət edən sərnişinlər tibbi maska taxmalıdırlar”. Ancaq bəzi şəxslər bu qaydalara əhəmiyyət verməyib, metroya tibbi maska taxmadan daxil olub. Nəticədə isə həmin şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq cəzalanıb.
Belə ki, mayın 9-da metronun “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək onunla mübahisə edib və inzibati məsuliyyətə cəlb olunub. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinin tələblərinə zidd hərəkət etmiş vətəndaş Yasamal Rayon Məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.
Karantin rejiminə məhəl qoymayanların qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılması ekspertlər tərəfindən də müsbət qarşılanır.
“…mütləq tibbi maskadan istifadə etməlidirlər”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, karantin rejiminə məhəl qoymayanlar cəzalandırılmalıdır: “Məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq metronun fəaliyyəti dayandırılmışdı. Bu günlərdə metro yenidən fəaliyyətə başladı. Lakin metrodan istifadə edən sərnişinlər mütləq tibbi maskadan istifadə etməlidirlər. Lakin bəzi sərnişinlər edilən xəbərdarlığa, həm də təhlükəsizliyə əməl etməyərək metroya maskasız daxil olublar. Təbii ki, karantin qaydalarını pozan şəxslər sərt şəkildə cəzalandırılmalıdır ki, bu hal digərlərinə də örnək olsun”.
Günel CƏLİLOVA