Məlum olduğu kimi, ölkəmizdə karantin rejiminin yumşaldılması prosesini bəzi vətəndaşlar düzgün anlamayıb. Bu səbəbdən də bəzi insanlar çölə əlcəksiz, qoruyucu maskasız çıxır və bununla da həm özləri, həm də ətrafdakılar üçün təhlükə yaradırlar.
Son günlər Azərbaycan polisi əhalinin asayişini, təhlükəsizliyini qorumaqla yanaşı, həm də maarifçilik tədbirlərini davam etdirirlər. Belə ki, bir neçə gündür davamlı olaraq müxtəlif bölgələrdə polis əhaliyə maska və əlcək paylayır. Masallı, İsmayıllı, Qusar, Zaqatala və digər rayonlarda, şəhərlərdə polis bu xoşməramlı aksiyanı davam etdirir.
Polis əhaliyə yalnız maska və əlcək vermir, həm də onlara karantin qaydalarını yenidən izah edir.
“Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev baki-xeber.com-a bildirdi ki, polis, həmişə olduğu kimi, pandemiya dövründə də öz qüsursuz fəaliyyətilə öndədir. “Klassik olaraq cinayətkarlıqla mübarizə aparan orqanların bir nömrəli vəzifəsi maarifləndirmə, profilaktik tədbirlərin həyata keçirilməsidir. Bu tədbirin qayəsi, məqsədi onun fəaliyyət istiqamətlərinin qırmızı xətlə keçən bəndlərindən biridir. Polisin bölgələrdə bu şəkildə fəaliyyət göstərməsi, əhaliyə maska, əlcək və digər vasitələr paylamaqla yanaşı, həm də onları karantin qaydaları ilə bağlı maarifləndirməsi təqdirəlayiq haldır. Hazırkı durumda Prezidentin həyəcanlı ifadələrini polis öz fəaliyyət istiqamətlərində əks etdirir. Eyni zamanda, həm “Polis haqqında” Qanunla, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla, həm də digər təlimatlarla, normalarla maarifçilik işinin aparılması polisin fəaliyyətinə aiddir. Əhalini maarifləndirmək lazımdır ki, dövlətin vətəndaşı həm inzibati, həm də cinayət məsuliyyətinə məruz qalmasın. Bu baxımdan, bəzi vətəndaşlar bunu bir qədər başqa cür qəbul edəcəklər. Bəli, bu müasir anlamda demokratik, hüquqi dövlətin prinsiplərinə uyğun olan bir fəaliyyət istiqamətidir və polis də bundan yararlanır. Bunu başqa cür qəbul etmək olmaz. Polislə cəmiyyət qarşıdurması mümkün olan bir iş deyil”.
Ş.Əliyev qeyd etdi ki, karantin rejimi müddətində polislər öz fəaliyyətlərini böyük əziyyətlər bahasına həyata keçirirlər. Onun sözlərinə görə, böyük əzab-əziyyətlə hazırkı vəziyyətdə xidməti vəzifəsini məsuliyyətlə yerinə yetirən polislər bəzən vətəndaşın haqsız iradları ilə qarşılaşırlar. Polis bütün addımları əhalinin təhlükəsizliyi, sağlamlığı naminə atır. “Bilirsiniz ki, polis bütün bunlara baxmayaraq, vətəndaşlarla çox humanist, yumşaq şəkildə davranır. Çünki aydındır ki, Azərbaycan polisi öz fəaliyyətini vətəndaşlarsız qura bilməz. Bu mənada bir-iki vətəndaşın qeyri-ciddi, məsuliyyətsiz davranışı polisin fəaliyyətinə xələl gətirə bilməz” - deyə Ş.Əliyev vurğuladı.
İradə SARIYEVA