Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu cür tədbirlərdən biri Masallı rayonunda baş tutub. Belə ki, bu günlərdə əhalinin daha sıx olduğu ərazilərdə, poçt məntəqlərinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 300-ə yaxın tibbi maska və əlcək paylanıb, xüsusi karantin rejiminin tələbləri izah edilib, ara məsafələrin qorunması xatırladılıb. Eyni zamanda, şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayondaxili hərəkət edən marşrutlarda sıxlığın yaranmaması və sosial izolyasiya tədbirlərinə riayət olunması məqsədilə davamlı iş aparılır, sürücülərə tibbi əlcək və maska paylanır.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları da mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər apararaq, onların sağlamlıqlarının təmin olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.
Həmçinin polis əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq qeyd ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər. Eləcə də marşrut xəttləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib və oturacaq sayından artıq sərnişin daşıyan sürücülər aşkarlanaraq, barələrində tədbirlər görülür.
Bundan əlavə, polis əməkdaşları rayon ərazisində maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylayır.