“Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən, mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik. Biz hər il veteranlar üçün mükafatlar ayırırıq. Bu il həmin mükafatın məbləği təxminən 900 dollar, manatla hesablasaq 1500 manat olacaq. İl ərzində də onların problemlərini həll edirik”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, müstəqilliyin ilk illərində, millətə zidd olan Xalq Cəbhəsi rejimi hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May günü bayram təqvimindən silinmişdi. Müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra 9 May günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün dövlət bayramıdır. Bu qeyri-iş günüdür. Ədalət zəfər çaldı.
Qeyd edək ki, ölkəmizdə hər zaman müharibə veteranlarına xüsusi diqqət olub və bu gün də var.
Millət vəkili Rüfət Quliyev qeyd etdi ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısı artır: “Danılmaz faktdır ki, bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb”.
Millət vəkilinin sözlərinə görə, müharibə veteranlarına hər il mükafat verilir. Bu il onlara veriləcək mükafat 1500 manat dəyərində olacaq. Bu məbləğin müharibə veteranlarının sosial problemlərinin həll olunmasında rolu olacaq.
Günel CƏLİLOVA