Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır bu qlobal təhdid mənbəyi qismində başlanğıcını Çinin Uhan şəhərindən götürən koronaviris pandemiyası çıxış edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də bu virusun təsir imkanlarını məhz pandemiya kimi müəyyən edib və “SOS” siqnalı verib. Antarktida istisna olmaqla, bütün qitələr bu pandemiyanın cəngindədir. Dünya koronavirusla müharibə vəziyyətindədir.
Təəssüf ki, koronavirus Azərbaycandan da yan keçməyib. Bu xəstəlikdən qurtulmaq üçün ölkəmizdə lazımi işlər görülür. Lakin vətəndaşların məsuliyyətsizliyi nəticəsində virus yayılmaqda davam edir.
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda koronaviruslu xəstələrin 10 faizi xaricdən gələnlərdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, ilk dövrlərdə xaricdən gələnlər üstünlük təşkil edirdi: “Daha sonra daxildə yoluxma nəticəsində rəqəmlər artdı”.
Daxildə yoluxmanın artması onu göstərir ki, vətəndaşlarımız karantin rejiminə məhəl qoymayıblar, nəticədə xəstəlikdən əziyyət çəkənlərin sayı artır.
“...dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur”
Psixoloq Könül İsmayılova bildirdi ki, koronavirusa yoluxmamaq üçün hər bir vətəndaş əlindən gələni etməlidir. Bu gün bizim əsas işimiz dövlətin qərarlarına, Prezidentin çağırışlarına əməl edib evdə oturmaq və evimizin içindən dövlətə, cəmiyyətə faydalı olmaqdır. Amma çox təəssüf ki, bəzi vətəndaşlarımız öz vəzifələrinə çox məsuliyyətsiz yanaşır və zərurət olmadan küçəyə çıxırlar: “Bütün bəşəriyyəti caynağına alan bu xəstəlik qarşısında hamımız acizik, hamı bu virusa qarşı mübarizə aparmalı, təlimatlara əməl etməlidir. İnsanlar nə qədər çox evdə qalsalar, bir o qədər də yoluxma halları azalacaq, onlar öz iradəsi ilə sanki bu xəstəliyin qarşısına baryer çəkmiş olacaqlar. Dəfələrlə ölkə başçısı çağırışlar etdi, insanları dövlətin qərarlarına əməl etməyə səslədi, ziyalılar, KİV bu sahədə təbliğat, maarifçilik işləri apardılar. Çox təəssüf ki, bəzi vətəndaşların məsuliyyətsizliyi bu sahədə inzibati yollara əl atılmasına səbəb oldu”.
Psixoloq onu da vurğuladı ki,vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur. Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.
Günel CƏLİLOVA