Məlum olduğu kimi, mayın 4-dən Azərbaycanın bir sıra şəhər və rayonlarında yeni növ koronavirusa görə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Bunlardan biri də bölgələrdə fəaliyyət göstərən restoran, kafe və çay evləri ilə bağlıdır. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur. İctimai iaşə obyektlərində yalnız qəlyan avadanlıqlarından istifadəyə icazə verilməyəcək. Bu hal bəzi vətəndaşlar arasında maraqlı müzakirələrə yol açıb. Bəllidir ki, əhalinin böyük hissəsi paytaxt Bakıda məskunlaşıb. Qaydalara görə, mayın 31-ə qədər paytaxtda kafe-restoranlar fəaliyyət göstərməyəcək. Bu da əyləncə, yeyib-içmək həvəskarlarını ciddi narahat edir. Artıq bir çox şəxslər öz aralarında “gedib yaxın rayonlardan birində yaxşı yeyib-içib gələrik” kimi planlar cızırlar. Təbiidir ki, buna can atanlar da az olmayacaq. Bəs belə əyləncə həvəskarları bu addımları ilə virusun yayılmasına hansı şəraiti yaratmış olacaqlar?
Həkim, tibb üzrə fəlsəfə doktoru Leyla İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, pandemiyanın yayılması ölkəmizdə tam bitməyib:“Dəfələrlə vurğulanıb ki, virusun yayılmasının ikinci dalğası da baş verə bilər. Bununla bağlı KİV-də kifayət qədər maarifləndirici materiallar hazırlanıb. Müəyyən yumşalamaların edilməsi heç də o anlama gəlmir ki, kim nə istəyir onu da etsin. Karantinin tam bitməsi bütün ölkə ərazisində ola bilər. Yəni bu qərarın elan olunması belə əvvəlki həyata tədricən adaptasiyanı tələb edəcək. Bütün ölkələr bu addımları pilləli keçir. Restoranın açılması o demək deyil ki, sən zala 300 nəfəri yığ və toy elə. Dünyanın ən inkişaf etmiş ölkələrində böyük həcmli əyləncə mərkəzləri, konsert zallarının fəaliyyətinə bundan sonrakı bir neçə il ərzində qadağa qoyulub. Yeməkxanalarda məsafəni və digər tələbləri gözləməklə oturub yemək yemək olar. Yoxsa, burada qadağa var deyə, yığışıb gedib hansısa rayonda kef məclisləri təşkil edib geri qayıtmaq virusun yayılmasında əlavə fəsadlara səbəb ola bilər. Bakıdan rayonlara getməklə bağlı yenə məhdudiyyət var. Kimsə xüsusi icazə ilə hansısa rayona gedir və yolun kənarında oturub yemək yeyirsə, bununla bağlı problem ola bilməz. Amma xüsusi kef məclislərinin təşkili, təşviqi indiki məqam üçün yolverilməzdir. Bir müddət də əyləncəsiz dözmək mümkündür. Yetər ki, bu problemdən birlikdə və tam çıxaq. Vətəndaşların bu amilləri nəzərə almaları yaxşı olar”.
Məhəmmədəli QƏRİBLİ