Bütün dünyada tüğyan edən koronavirus pandemiyasının ilk dövrlərindən Azərbaycan dövləti bu təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Eyni zamanda, ölkəmizdə kütləvi yoluxmanın qarşısını almaq üçün dərhal təlim-tədris müəssisələrinin, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və ya təxirə salındı. Daha sonra ölkədə xüsusi karantin rejimi tətbiq edildi.
Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində bir sıra təxirəsalınmaz addımlar atıldı, eləcə də sosial dəstək tədbirləri həyata keçirildi. Bunların nəticəsidir ki, dünyanın əksər ölkəsi ilə müqayisədə pandemiyaya qarşı mübarizədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub. Pandemiya ilə mübarizə çərçivəsində görülən işlər xarici həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının diqqətindən yayınmayıb.
Qeyd edək ki, bu günlərdə respublikanın seçilmiş xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirlərini gücləndirmək üçün həyata keçirilən REACT-C19 layihəsinin icrası məqsədilə Türkiyədə çalışan 19 azərbaycanlı həkim Azərbaycana gəlib. Bu həkimlər Türkiyədə koronavirusla mübarizədə əldə etdikləri təcrübə və bilikləri buradakı həkimlərlə bölüşürlər. Həmin həkimlər bildiriblər ki, Bakıdakı xəstəxanalarda layihə çox uğurla həyata keçirilib: “Hazırda virusun yayılmasının qarşısının alınmasına görə Azərbaycan daha yaxşı yerlərdən birində qərarlaşıb”.
Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı keçirilən son mətbuat konfransında bildirmişdi ki, Azərbaycan pandemiyaya qarşı ən öncül mübarizə aparan ölkələrdəndir.
Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər beynəlxalq təşkilatların diqqətindən kənarda qalmır.
“Təsadüfi deyil ki, ÜST sədri dəfələrlə Azərbaycanda görülən tədbirləri olduqca müsbət qiymətləndirib ”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, ölkədə qısa müddət ərzində həyata keçirilən bu tədbirlərin müsbət nəticələri isə artıq ortadadır. Təsadüfi deyil ki, ÜST sədri Tedros Adhan Gebreyesus da dəfələrlə Azərbaycanda görülən tədbirləri olduqca müsbət qiymətləndirib və bütün dünya ölkələrinə nümunə kimi göstərib. Onun sözlərinə görə, Azərbaycanın bütün dünya ölkələrinə model kimi göstərilən koronavirusla mübarizə təcrübəsi xarici ölkələrin nüfuzlu media orqanlarının da diqqətindən yayınmır. Onlar da ölkəmizin geniş təcrübəsini vurğulayırlar.
Həmsöhbətimiz onu da əlavə etdi ki, pandemiya ilə mübarizədə insanların sağlamlığının qorunması sahəsində vacib bir addım isə dövlət tərəfindən 575 çarpayılıq və müasir avadanlıqla təchiz edilmiş “Yeni Klinika”nın koronavirusa yoluxmuş xəstələr üçün ayrılmasıdır: “Virusun müntəzəm diaqnostikası üçün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyilə müasir avadanlıqlarla təchiz olunmuş 18 müasir laboratoriyanın fəaliyyətə başlaması da görülən təxirəsalınmaz tədbirlərin mühüm hissəsidir”.
Günel CƏLİLOVA