Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qadağalara əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərdə əhali arasında profilaktik tədbir keçiriblər.
Tədbir zamanı Sumqayıt şəhərinin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları “evdə qal” kompaniyasına qoşulmağa səsləyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb. Tədbirdə, həmçinin, icazə əsasında yaşayış yerlərini tərk edən, amma tibbi maskadan istifadə etməyən şəxslərlə də polislər maarifləndirici söhbətlər aparıblar. Belə şəxslər polislər tərəfindən tibbi maska ilə təmin olunublar.
Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər və avtobuslar saxlanılaraq sərnişinlərlə profilaktrik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.
Tədbir zamanı, həmçinin, Daxili Qoşunların xüsusi zirehli avtomobilləri və polis avtomobillərinin müşayəti ilə Sumqayıt şəhərinin bütün küçə, eləcə də prospektlərində kimyəvi maddələrlə dezinfeksiya işləri aparılıb.
DİN-dən bildirilib ki, Sumqayıt şəhərində tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada bundan sonra da davam etdiriləcək.