İlk olaraq Çində aşkarlanan və sonra ABŞ, İspaniya, İran, İtaliya, Fransa başda olmaqla bir-birindən fərqli 200-dən çox ölkəyə yayılan koronavirusa yoluxanların ümumi sayı 2,7 milyonu keçib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada koronavirus risq faktorunun yaşlı insanlara və xroniki xəstələrə daha böyük ziyan verdiyi öz əksini tapıb.
Sevindirici haldır ki, ölkəmizdə görülən operativ tədbirlər nəticəsində koronavirusdan əziyyət çəkənlərin sayı qonşu ölkələrlə müqayisədə azdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda koronavirusdan vəfat edənlərin yaş göstəriciləri açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında qeyd olunub ki, 40-49 yaş arasında 1 nəfər, 50-59 yaşarası 8 nəfər, 70-79 yaşarası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.
Bəllidir ki, koronavirusa yoluxanlar arasında yaşı 65-dən yuxarı olan şəxslər üstünlük təşkl edir. Yaşlı insanlar xüsusi risq qrupuna aiddirlər.
“...bu, yaşlı insanları hər cür infeksiyaya qarşı həssas edir”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, yaşlı şəxslərin immun sistemi gənclərin immun sistemi ilə müqayisədə olduqca zəifdir: “Bu, yaşlı insanları hər cür infeksiyaya qarşı həssas edir. Bədənə ən kiçik bir hücum belə ciddi zərər verə bilər. Digər tərəfdən, zəifləmiş immunitetə sahib olan insanlarda “sitokin fırtınası” adı verilən hadisənin yaşanma ehtimalı böyükdür. Bu durum immun sisteminin infeksiya ilə mübarizə aparmaq üçün çox miqdarda kimyəvi reaksiyaya girməsidir.
Hər hansı xəstəliyi olmayanların koronavirus infeksiyasından ölmək risqi 1 faiz civarındadır. Ürək-damar xəstəliyi olan şəxslərin ölüm nisbəti 10,5 faiz olduğu halda, xroniki tənəffüs xəstəliyi (astma və xroniki obstruktiv ağciyər xəstəliyi) olan şəxslərdə bu nisbət 6.3 faiz civarındadır”.
Həmsöhbətimizin sözlərinə görə, koronavirus pandemiyası dövründə yaşlı insanlar, xüsusilə xroniki xəstəliyi olan ahıllar qorunmalıdırlar. Bu risq qrupuna daxil olanlar insanların sıx olduğu yerlərdən uzaq durmalıdırlar: “Sevindirici haldır ki, koronavirusa yoluxanlar və bu xəstəlikdən vəfat edənlər arasında yaşlıların sayı azdır. Sayın daha da az olması üçün xüsusi risq qrupuna aid olanlar izolyasiya qaydalarına riayət etməlidirlər”.
Günel CƏLİLOVA