“Bəzi regionlar artıq koronavirusdan təmizlənib”. Bu, aprelin 24-də baş tutan Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində qeyd olunub. Bildirilib ki, artıq koronavirusun qeydə alındığı 25 faiz ərazidə risq ocaqları ləğv edilib: “Bu da ölkənin səhiyyə sisteminin gücündən xəbər verir. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur”.
12 rayonda koronavirusa yoluxma halının sıfıra enməsi sevindirici xəbərdir. Maraqlıdır, adıçəkilən virusa yoluxmanın qeydə alınmadığı rayonların digər ərazilərdən təcrid edilməsinə ehtiyac varmı?
“...bu o demək deyil ki, virusun yox olduğu ərazilərdə sosial təcrid ləğv olunacaq”
Sosioloq Aytəkin Kamranqızı hesab edir ki, koronavirus pandemiyası ilə bağlı Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Bu istiqamətdə görülən işlər göz qabağındadır: “Məlumdur ki, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Bununla yanaşı, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimat var. Bəllidir ki, epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən, hava limanlarında profilaktik tədbirlər görülür. Görülən işlər sayəsində koronavirusa yoluxma faktı günü-gündən azalır. Sevindirici haldır ki, artıq bəzi rayonlarda koronavirus ocağı tamamilə ləğv olunub. Ancaq bu o demək deyil ki, virusun yox olduğu ərazilərdə sosial təcrid ləğv olunacaq. Gələcəkdə həmin regionlarda yeni yoluxmanın baş verməməsi üçün karantin qaydalarına riayət edilməlidir”.
Günel CƏLİLOVA