Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə keçirilən antipandemiya tədbirləri, eləcə də sosial cəhətdən həssas təbəqəyə mənsub vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gerçəkləşdirilən işlər, layihələr Milli Qəhrəman və şəhid ailələri tərəfindən diqqətlə izlənir, rəğbətlə qarşılanır.
Bakı şəhəri, Sabunçu rayonundan Milli Qəhrəman Məhərrəm Seyidovun həyat yoldaşı Seyidova Şəkər Hüseyn qızının Prezidentə yazdığı səmimi məktubda həm bu məsələdən, həm də Milli Qəhrəman və şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edilir.
Ş.Seyidova yazır ki, Prezidentin Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qeydinə qalması, bu çətin vaxtda xalqa maddi və mənəvi cəhətdən dəstək olması şəhid ailələrini çox sevindirir. “Mən şəxsən öz Prezidentimlə fəxr edirəm. Torpaq, Vətən yolunda şəhid olan qəhrəman oğulların ata və anaları, ailələri, övladları Sizə əmanətdir” - deyə bildirən Milli Qəhrəmanın həyat yoldaşı Heydər Əliyev Fondunun dəstəyi hesabına iki dəfə ağır əməliyyat keçirdiyini də yazır. “Bu gün həyatda olduğum üçün Sizlərə borcluyam.
Bu çətin dövrdə Sizin tövsiyə və çağırışlarınızı çox vacib sayır, onların hamısına riayət edirik. Allah Sizi və ailənizi qorusun” - deyə Ş.Seyidova yazır.
İradə SARIYEVA