Xəbər verildiyi kimi, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşaqla bağlı məhkəmə vəsatəti qaldırmasında dəyişikliyi nəzərdə tutan qərar imzalayıb. Bununla bağlı “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın 11.4.9-cu bəndinə dəyişiklik edilib.
Həmin bənd tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşağına qayğı göstərilə bilməməsi ilə bağlıdır. Bu zaman qadın uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Sənədin bundan əvvəlki variantında isə müvafiq hallar üçün üç yaşınadək uşaqların qohumlarına və uşaq müəssisələrinə verilməsi üçün vəsatət qaldırılması nəzərdə tutulurdu.
“Uşaqlar qadının yaxınlarına, qohumları olmadıqda, sosial xidmət müəssisələrinə verilə bilər”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, qanunvericiliyin bir sıra istiqamətlərində səmərəli islahatlar davam etdirilir: “Qanunvericiliyə dövrün tələbini nəzərə alan, müasir dünya ölkələrinin qanunlarına uyğun dəyişikliklər davam etdirilir. Qanuna edilən dəyişikliyə əsasən, həbs edilmiş qadın uşağını qanunla müəyyən edilmiş qaydada qohumlarına verə bilər. Uşaqlar qadının yaxınlarına, qohumları olmadıqda, sosial xidmət müəssisələrinə verilə bilər. Sosial xidmət müəssisələri mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, əhaliyə sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərdir”.
Həmsöhbətimiz hesab edir ki, məsuliyyətə cəlb edilmiş qadınların, anaların övladları kimsəsiz qalmır. Uşaqlar ya qadının qohumları tərəfindən himayə olunacaq, ya da dövlət tərəfindən. Bu dəyişiklik sayəsində cinayətkar qanunla cəzasını çəkəcək, onun övladları isə dövlət tərəfindən himayə ediləcək.
Günel CƏLİLOVA